"Cüdo yalnız tatami üzərindəki mübarizə deyil" - Rəşad Nəbiyev
"Bu gün dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaq bizim üçün böyük şərəfdir. Cüdo yalnız tatami üzərindəki mübarizə deyil, həmçinin özünənizam, cəsarət və dostluq fəlsəfəsidir".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev deyib.
O, Bakının ev sahibliyi etdiyi cüdo üzrə dünya çempionatının açılış mərasimində çıxış edib.
R.Nəbiyev qeyd bildirib ki, illər əvvəl ölkəmiz cüdo vasitəsilə həyat tərzini zənginləşdirmək, gənclər arasında həm fiziki, həm də mənəvi cəhətdən sağlam və güclü nəsil yetişdirmək arzusu ilə böyük bir yola çıxdı:
“Bu gün həmin arzuların reallığa çevrildiyini, ölkəmizdə idmana, xüsusən də bütün bu nailiyyətlərin təməli olan cüdonun inkişafına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu görmək sonsuz qürur mənbəyidir.
Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi daimi dəstək sayəsində ölkəmiz bu gün böyük dünya yarışlarına ev sahibliyi edən, qonaqpərvərliyi və təşkilatçılıq təcrübəsi ilə tanınan möhtəşəm idman mərkəzinə çevrilib.
Bu uğur hekayəsinin vacib bir hissəsi də beynəlxalq əməkdaşlıqdır. Bakıya növbəti dəfə dünya çempionatına ev sahibliyi etmək etimadını göstərdiyinə görə Beynəlxalq Cüdo Federasiyasına və şəxsən cənab Marius Vizerə dərin təşəkkürümüzü bildiririk.
İllər ərzində formalaşmış sıx tərəfdaşlığımız, qarşılıqlı inamımız və birgə layihələrimiz cüdonun yalnız bir idman növü kimi deyil, həm də cəmiyyət tərəfindən mənimsənilən bir həyat fəlsəfəsi kimi inkişafına əvəzsiz töhfə verib”.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer Azərbaycanda idmana və dünya çempionatının təşkilinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
O, Azərbaycan cüdosunun son illərdə əldə etdiyi nəticələri və ölkəmizin yüksək səviyyəli beynəlxalq idman tədbirlərinin təşkilində qazandığı təcrübəni qeyd edib.
Marius Vizer cüdonun birlik, dostluq və sülh dəyərlərini təşviq edən idman növü olduğunu vurğulayıb.
Daha sonra Marius Vizer Bakı-2026 cüdo üzrə dünya çempionatını açıq elan edib.
Açılış mərasiminin rəsmi hissəsindən sonra tədbir bədii proqramla davam edib.
Dünya çempionatında iştirak edən ölkələrin bayraqlarının paradı keçirilib, Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Mərasimin bədii hissəsi cüdonun yarandığı Yaponiyadan Azərbaycana uzanan yolu və iki ölkənin zəngin mədəni irsini əks etdirən xüsusi konsepsiya üzərində qurulub.
Sakura motivləri ilə başlayan kompozisiyada cüdonun Yaponiyadan dünyaya yayılması səhnə və vizual həllərlə təqdim edilib.
Proqramın Azərbaycan mədəniyyətinə həsr olunan hissəsində milli xalça ornamentləri, musiqi və rəqs elementləri müasir etno-caz və vizual effektlərlə sintez olunub.
Bədii proqramın finalında Azərbaycanı simvolizə edən alov motivləri fonunda Bakı-2026-nın rəsmi loqosu formalaşdırılıb.
Qeyd edək ki, Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır.
Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 13 çəki dərəcəsində 24 cüdoçu (17 kişi və 7 qadın) ilə qatılıb.
Yarış oktyabrın 11-də yekunlaşacaq.
Azərbaycan cüdoçularından hələlik Əhməd Yusifov (60 kiloqram) qızıl medal qazanıb.

