DÇ-2026-nın qalibinə fantastik məbləğdə mükafat veriləcək
Bu il tarixdə ilk dəfə üç ölkə - ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçiriləcək futbol üzrə dünya çempionatının mükafat fondu artırılıb.
"Mediasport" xəbər verir ki, bu barədə FİFA qərar qəbul edib.
Tarixdə ilk dəfə 48 milli komandanın qatılacağı dördilliyin zirvə yarışında iştirakçılar kifayət qədər yüksək məbləğ qazanacaqlar.
Qərara əsasən, ümumilikdə 655 milyon dollar mundialın final mərhələsinə qatılacaq 48 yığmaya veriləcək.
Hər bir iştirakçı federasiya minimum 10,5 milyon dollar alacaq.
Bu məbləğin 9 milyon dolları turniri 33-48-ci yerlərdə başa vuran komandalar üçün nəzərdə tutulub. Bundan əlavə, hər komandaya iştirak xərcləri üçün 1,5 milyon dollar ayrılacaq.
17-32-ci yerləri tutacaq komandalar 11 milyon dollar mükafat əldə edəcəklər.
1/8 finalda uduzan yığmalar 15 milyon dollar, 1/4 finalda mübarizəni dayandıranlar 19 milyon dollar qazanacaqlar.
Dördüncü yerin sahibi 27 milyon dollar, üçüncü yeri tutan komanda 29 milyon dollar irəli düşəcək.
Finalda uduzan komanda 33 milyon dollar, dünya çempionunun qazancı isə 50 milyon dollar olacaq.
Mükafat fondu 2022-ci il dünya çempionatı ilə müqayisədə 50 faiz çoxdur.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək üç ölkənin 16 stadionunda keçiriləcək.
