"Dünya çempionatına qədər ən yüksək formaya çatarıq"

"Dünya çempionatına qədər ən yüksək formaya çatarıq"

"Bu komandanın baş məşqçisi vəzifəsini qəbul etmək mənim üçün bir fəxrdir. Azərbaycan yunan-Roma güləşində dünyada ən güclü 2-3 ölkədən biridir".

"Mediasport" xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Məhəmməd Bəna deyib.

İranlı mütəxəssis yığma ilə qatıldığı ilk toplanış haqda danışıb, Göygöldə davam edən hazırlıq prosesi barədə fikirlərini bölüşüb:

"İlk mərhələ tanışlıq, sonra isə planlaşdırmadır. Aprelin 20-də keçiriləcək Avropa çempionatına qədər olan dövr hazırlığın birinci mərhələsidir. Bu müddət ərzində Albaniyadakı reytinq turniri, U-23 Avropa çempionatı və nəhayət, böyüklərin Avropa çempionatı nəzərdə tutulub. Həmin vaxta qədər 5-6 təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Allahın köməyi ilə dünya çempionatına qədər ən yüksək formaya çatarıq".

M.Bəna Azərbaycan güləşinin yüksək statusunu və idmançıların texniki potensialını xüsusi vurğulayıb:

"Azərbaycanlı idmançılar hər zaman yüksək texniki keyfiyyətə malik olublar, lakin bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir.

Fiziki, texniki və psixoloji hazırlıq möhkəm bir zəncir təşkil etməlidir ki, məşqçilər heyəti, federasiya rəhbərliyi və güləşçilər bir komanda kimi uğur qazansınlar".

Baş məşqçi builki hədəflərlə bağlı danışıb:

"İştirak edəcəyimiz ilk yarış Albaniyadakı reytinq turniridir. Orada ölkə çempionatında iştirak edənlərdən təxminən 20-dən çox güləşçi mübarizə aparacaq.

Avropa çempionatı bizim üçün hazırlığın nisbətən aşağı pik nöqtəsi olacaq.

İnşallah, dünya çempionatında əsas pik formaya çatacağıq ki, hamımız birlikdə Azərbaycan güləşi üçün böyük uğurlar qazanaq".