Dünya çempionatı: Qurbanova və Xaniyev yarımfinala vəsiqə qazandı
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün daha 5 idmançımız mübarizəyə qoşulub.
53 kq çəki dərəcəsində Elnurə Məmmədova türkiyəli Sıla Aykula 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, bu mərhələdə ispaniyalı Karla Solerə 11:14 hesabı ilə uduzub.
59 kq-da Günay Qurbanova debütdə bolqarıstanlı Viktoriya Boynova üzərində inamlı qələbə qazanıb - 8:1. Həmyerlimiz növbəti mərhələlərdə moldovalı Madalina Prisakariyə (11:0) və qazaxıstanlı Viktoriya Xusaynovaya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib.
Günay yarımfinalda yaponiyalı Ruka Natami ilə güləşəcək.
62 kq-da Birgül Soltanova təsnifat mərhələsində rusiyalı Yekaterina Koşkinaya (UWW) məğlub olub - 6:19.
Sərbəst güləşçilərdən tatamiyə çıxan Maqomed-Başir Xaniyev (74 kq) ilk mərhələdə yunanıstanlı Georgios Yoakeymidisə tam üstünlüklə (10:0) qalib gəlib. Təmsilçimiz 1/8 finalda ermənistanlı Qriqor Çolakyan (14:5), daha sonra Bəhreyn təmsilçisi Maqomedrasul Asluyevə (7:3) qalib gələrək yarımfinala çıxıb. O, final yolunda türkiyəli Muhammed Özmuşla qarşılaşacaq.
92 kq-da Sadiq Mustafazadə ispaniyalı Muxammedsultan Kopbayevi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda iranlı Mohammadmobin Azimiyə yenilib - 0:8.
Yarımfinallar Bakı vaxtı ilə 18:45-də başlanacaq.
