"Dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm"
"Mediasport" 22-30 oktyabr tarixlərində Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında çıxış edəcək Azərbaycanın U-16 millisinin baş məşqçisi Famil Xəlilovun "Azərtac"a müsahibə sini təqdim edir.
Artıq U-15 dünya çempionatı üçün 21 futbolçunun adı sizə təqdim olunub. Qaydaya əsasən, onlardan 14-nün adı iştirak ərizəsinə daxil ediləcək. Heyətlə bağlı yekun qərar nə vaxt veriləcək?
- Yekun heyəti turnirə az qalmış, son məşqlərin nəticələrinə əsasən müəyyənləşdirəcəyik. Bütün uşaqlar çox əzmlə çalışır, hər biri heyətdə olmağa layiqdirlər. Seçim etmək bizim üçün çətin olacaq, lakin qaydalara uyğun olaraq ən hazır 14 futbolçunu heyətə daxil edəcəyik.
Mundial üçün son hazırlıqlar barədə fikirləriniz necədir? Komanda turnirə nə dərəcədə hazırdır?
- Hazırlıq prosesimiz tam planlaşdırdığımız kimi davam edir. Futbolçuların həm fiziki, həm də psixoloji durumu yüksək səviyyədədir. Təbii ki, böyük turnir olduğu üçün müəyyən həyəcan var, lakin komandanın həvəsi və motivasiyası yerindədir. Turnirə tam hazır olduğumuzu inamla deyə bilərəm.
Dünya çempionatında qarşınıza qoyulan əsas hədəflər nələrdir?
- Məqsədimiz sadəcə iştirakçı olmaq deyil, hər oyunda son saniyəyə qədər qələbə üçün mübarizə aparmaqdır. Bütün rəqiblərə hörmətlə yanaşırıq, lakin öz gücümüzə və potensialımıza da inanırıq. Meydanda əlimizdən gələnin ən yaxşısını edəcəyik.
Necə düşünürsünüz, dünya çempionatı aşağı yaş qrupları üzrə komandalara hansı faydaları verəcək?
- Bu turnir həm gənc futbolçularımız, həm də ümumilikdə Azərbaycan futbolu üçün böyük təcrübədir. Uşaqlar beynəlxalq səviyyənin real tələblərini görəcəklər. Biz məşqçilər də onların gələcək inkişafı üçün hansı istiqamətlərdə daha çox işləməli olduğumuzu daha aydın təyin edəcəyik.
Turnirdəki rəqiblərimiz haqqında hansı məlumatlara sahibsiniz?
- Format yeni olduğu üçün rəqiblər haqqında ətraflı məlumat toplamaq bir qədər çətindir. Buna baxmayaraq, əlimizdə olan azsaylı kadrları və məlumatları maksimum analiz edib hər oyuna ciddi hazırlaşırıq. Əsas diqqətimizi rəqibdən daha çox öz oyunumuzun keyfiyyətinə yönəltmişik.

