"Gələcəkdə hər şey qaydasına düşəcək" - Vitali Borisov

"Qrupun ən güclü kollektivinə qarşı oynadıq. Futzalçılarımızın oyunundan razı qaldım. Rəqibə qarşı yaxşı oyun nümayiş etdirdik".
"Mediasport" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.
Mütəxəssis AVRO-2026-nın əsas mərhələsinin sonuncu turu çərçivəsində Xorvariya yığmasına məğlubiyyəti şərh edib:
"AVRO-2026-nın əsas mərhələsinin bütün görüşlərində ikinci hissədə uduzurduq. Bu dəfə heç-heçəyə imza atdıq. Həmişə son 10 dəqiqədə yorğun olurduq. Oyunçularımız belə güclü rəqibə qarşı yaxşı oyun sərgilədilər.
Futzalçılarımızın əksəriyyəti zədəli halda çıxış edirlər. Bununla belə, özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Düzdür, çatışmayan cəhətlərimiz var. İnanıram ki, gələcəkdə hər şey qaydasına düşəcək".
V.Borisov millinin heyətindən kənarlaşdırılan qapıçı Rövşən Hüseynli barədə danışmaq istəmədəyini bildirib:
"Bu məsələ ilə bağlı artıq çox danışılıb. Gələcəkdə nə olacağını zaman göstərəcək. Rövşən özünü yaxşı tərəfdən göstərsə, yenidən komandanın heyətinə qayıda bilər".
Qeyd edək ki, komandamız yer aldığı 5-ci qrupda 6 tura 2 xal toplayıb və sonuncu olub.