Gəncədə Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirildi
Gəncədə “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib.
"Mediasport" xəbər verir ki, iclasdan əvvəl rəsmilər Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi və Gəncə Memorial Kompleksi ziyarət olunub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov vurğulayıb ki, Azərbaycanda yalnız peşəkar idmançılar üçün deyil, bütün vətəndaşların idmanla məşğul olması üçün geniş imkanlar yaradılıb:
"Azərbaycanın istənilən çoxnövlü idman yarışını yüksək səviyyədə keçirmək potensialı mövcuddur. İdman artıq təkcə paytaxt Bakıda deyil, regionlarda da insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Dövlət dəstəyi ilə ölkənin bütün bölgələrində Olimpiya idman kompleksləri, stadionlar və digər iri idman qurğuları inşa olunub və bu proses bu gün də davam edir".
Qeyd edilib ki, III MDB Oyunlarının açılış mərasiminin keçirildiyi Gəncə stadionu, eləcə də boks yarışlarına ev sahibliyi edən Yevlax Olimpiya İdman Kompleksi dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Daha sonra MDB Baş katibinin müavini Nurlan Seytimov və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış ediblər.
İclasda 2025-ci ildə III MDB Oyunları çərçivəsində Gəncədə keçirilən yarışlar, seminarlar və iclaslar barədə məlumat verilib.
Həmçinin iştirakçı ölkələrin hesabatları dinlənilib, növbəti MDB Oyunlarının keçirilməsi və digər məsələlər müzakirə olunub.
