"Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti nəticələrə sevinəcək" - SANTUŞ

"Mediasport" Azərbaycan - Belarus yoldaşlıq görüşündən (0:2) sonra millimizin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir.
- İlk hissədə hər iki komandanın intensiv oyunun gördük. Balanslı oyun keçdi. İlk 10-15 dəqiqə oyunçularım daha çox arxaya meyilli oynayırdılar, onlara başa saldıq ki, irəli çıxmaq lazımdır, futbol oynamaq lazımdır. Ondan sonra yavaş-yavaş hücumlar qurmağa başladılar. İkinci hissə oyuna yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oynayırdı. Müdafiədə və hücumda çox işləməli olurdu. Toral Bayramovun da zərbəsi oldu. İkinci hissəyə yaxşı başladıq. Renat Dadaşovu meydana buraxdım ki, fiziki cəhətdən yaxşıdır, topu ona verərək tez itirməyək. Şahin Şahniyarovun oyununu da vurğulayardım, yaxşı oynadı. İlk oyunu idi. 55-ci dəqiqədən sonra çətinlik çəkdiyini hiss etdik və onu dəyişdik.
Təəssüflər olsun ki, asan qollar buraxdıq. Bu da futbolun bir hissəsidir. Bu cür şeylərə görə çox üzülürük. Rəqib 1:0 irəli keçdikdən sonra ruhdan düşmədik. Çalışırdıq ki, bərabərlik qolunu vuraq. Hiss edirdim ki, qol vura bilər. Buna görə üçlü müdafiə sisteminə keçdik. İrəlidə iki hücumçu ilə oynayırdıq. Cinahlardan da asmalar edirdik. Amma ikinci qolu buraxdıq.
Yüksək səviyyəli rəqabətdə, mübarizədə belə bəsit qollar buraxmaq olmaz. Komandam yaxşı çıxış etdi. Pozitiv cəhətlər çox oldu. Bu gün oynayanların hər biri milli səviyyəsində oynamağa bacarığı olduğunu göstərdi. Nəticə neqativ oldu, istədiyimizi əldə edə bilmədik.
Yekunda yenə uduzdunuz. Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti var? Varsa, bu, nə vaxt tükənəcək?
- Biz hər şeyi edirik ki, uduzmayaq. Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar. Hamısı üzgündürlər. İşimizə davam etməliyik. Bu gün oyunçular yaxşı çıxış etdi. Öz üzərimizdə işləməliyik ki, nəticə də gəlsin.
Zamiq Əliyev İsveçlə görüşdə də Belarusla oyundakı kimi səhv etmişdi. Üçüncü matçda ona start heyətində şans verərsiniz?
- Unutmayaq ki, Zamiqin 20 yaşı var. Bu gənclər hamısı davamlı oynamalıdırlar ki, özlərinə inam yaransın. Belə olanları dərhal itirə bilmərik.
Cinah müdafiəçisi kimi stoperləri oynatdınız. Sizə görə Azərbaycanda cinah müdafiəçisi yoxdur? Milliyə niyə Qismət Alıyevi cəlb etməmişdiniz?
- Qismət Alıyev milliyə cəlb olunub. Mən oyunlara baxıram, Amin Seydiyev, Mert Çelikin oyununu daha çox bəyəndim. Üç gün əvvəl deyirdiniz, o oyunçu niyə oynamır, indi başqası niyə oynamır?..
Portuqaliya Futbol Federasiyasının rəhbərliyi 8 oyundan 7-də uduzan əcnəbi məşqçini saxlayar, yoxsa yox?
- Milli komanda ilə 109 oyun keçirmişəm. Onun 20-də uduzmuşuq. Portuqaliya və Azərbyacan millisini müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 oyun uduzanda göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyunda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyun uduzmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox.
Azərbaycan millisində 8 oyunun 7-də uduzmusunuz. Millinin passivində bu rəqəmlər neçəyə qalxmalıdır ki, Azərbaycanda, sadəcə, dəyərli vaxtınızı itirdiyinizi anlayasınız?
- Bu sual mənə aid deyil. Mənim müqaviləm var. Baş məşqçinin işi odur ki, oyunçuların potensialına baxsın, hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə atılmış addımdır. Bu işə köklənmişik.
Futbol ictimaiyyəti və azarkeşlər bu məğlubiyyətlərə görə əsəbidir. Buna görə üzr istəmək istəyirsiniz ki, heç olmasa, onlar sakitləşsin?
- Üzr istəmək başqa bir şeydir. Əlbəttə ki, azarkeşlərin istəklərini qarşılamalıyıq, onları sevindirməliyik. Onlarla eyni hissləri keçiririk. Bu nəticələrə görə üzülürük. Heç kim hazırkı duruma görə sevinmir, nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti yaxşıya doğru dəyişək. Kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək. Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti nəticələrə sevinəcək. Düşündüyümdən çox çəkəcək. Amma mən dərk edirəm ki, asan bir şey deyil. Bu haqda söhbətlər edəndə də vurğulamışam ki, asan bir şey deyil. Rəhbərliklə də danışanda 3 il+1 il müqavilə razılaşdırmışıq. Bundan öncə də hamısını başa salmışam. Əgər təklif bir illik və ya 2 illik olsaydı, gəlməzdim. Gəlməyəcəkdim. Çünki bilirəm ki, asan proses deyil. Azərbaycan mükəmməldir, gözəldir, Bakı mükəmməldir, hər şey top səviyyədədir. Bu haqda danışmırıq. Məsələ odur ki, əgər danışıqlarda bu cür şərt olmasaydı, "3+1"i nəzərdə tuturam, onda bura gəlməyəcəkdim. Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanıram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik.
Bu matçlar göstərdi ki, Haiti və Belarus eyni səviyyədədir. Rusiya Zambiya və Bruney yığmaları ilə qarşılaşıb böyük hesablarla qalib gəlir. Siz də qələbə ruhunu qaytarmaq üçün belə rəqiblərlə qarşılaşmaq istəyərsiniz?
- Əgər inkişaf etmək istəyiriksə, daha güclü rəqiblərə qarşı oynamaq lazımdır. Sual yaxşı sualdır. Qələbə qazanmaq üçün ən aşağı səviyyə millilərlə razılaşıb oynayarıq. Hamı bu nəticələrə sevinər. Daha güclü rəqiblərlə oynayacağıq ki, inkişaf edək.