"Hər iki görüşdə qələbə qazanmaq üçün mübarizə aparacağıq"

"Hər iki görüşdə qələbə qazanmaq üçün mübarizə aparacağıq"

"Əsas millinin baş məşqçisi Fernandu Santuşa təşəkkür edirəm. Biz tam heyətlə olsaq da, əsas millinin bəzi üzvləri Azərbaycan Kubokunun final oyununda iştirak etdikləri üçün düşərgədə deyildilər. Hərəsi 35 dəqiqə olmaqla iki hissə oynanıldı, hər iki komanda bütün futbolçuları sınaqdan keçirdi. A millinin oyunçuları ilə meydanda olmaq futbolçularımız üçün əlavə motivasiya idi. Belə yoxlama matçlarının baş tutması futbolçuların xeyrinədir”.

"Mediasport" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov deyib. Mütəxəssis yığmanın təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb.

O, əvvəlcə A milli komanda ilə keçirilən yoxlama oyunu haqda fikirlərini bölüşüb. Qeyd edib ki, matç məşq xarakterli idi.

U-21 millimiz hazırlıq çərçivəsində iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.

A.Abbasov bu qarşılaşmalarda məqsədin qələbə qazanmaq olacağını vurğulayıb:

“Bu, bizim U-21 millisində ikinci hazırlığımızdır. İlk təlim-məşq toplanışımız Antalyada təşkil olunmuşdu. Heyətdə bəzi yeni oyunçular var. Hər toplanışda komanda olaraq daha da artırmaq istəyirik.

Yoldaşlıq görüşlərində üz-üzə gələcəyimiz rəqiblərin reytinqdə öndə olması bizim üçün yaxşıdır. Güclü komandalara qarşı çıxış etməyin yalnız müsbət təsiri olur.

Belarusla səfərdə, Monteneqro ilə evdə qarşılaşacağıq. Seçmə mərhələdə ev-səfər oyunlarının olacağını nəzərə alsaq, buna öyrəşməliyik. Hər iki görüşdə qələbə qazanmaq üçün mübarizə aparacağıq.

Futbolçular meydanda maksimum nəticəyə köklənməlidirlər. Bu matçlar həm də oyunçuların beynəlxalq təcrübə qazanmalarına kömək olacaq”.

Baş məşqçi rəqibləri təhlil etdiklərini bildirib:

“Rəqiblər barədə yalnız xoş sözlər deyə bilərəm. Belarusun son iki yoldaşlıq görüşünü izləmişəm. Antalyada Şimali Makedoniya, İstanbulda isə Türkiyə yığmasına qalib gəliblər. Onların, xüsusən də, U-21 komandası son illər çox inkişaf edib.

Monteneqronun futbolçuları isə əsasən digər ölkələrdə legioner həyatı yaşayırlar. Bir sözlə, maraqlı rəqiblərdir. Belə komandalarla qarşılaşmaq bizim inkişafımıza yardım edəcək”.