"İnanıram ki, Avropa çempionatında uğurlu nəticələr qazanacağıq"

"İnanıram ki, Avropa çempionatında uğurlu nəticələr qazanacağıq"

"İnanıram ki, qarşıdakı Avropa çempionatında uğurlu nəticələr qazanacağıq. Yaponiyada üç həftəlik yaxşı təlim-məşq toplanışı keçdik. Cüdoçuların hazırlığından razı qaldım".

"Mediasport" xəbər verir ki, bu sözləri kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman deyib.

Mütəxəssis Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq barədə danışıb. O, toplanış zamanı heç bir cüdoçunun zədə almadığına görə sevindiyini qeyd edib:

"İndi Bakıda toplanışa davam edirik. Bu yarışda, həmçinin Olimpiya çempionları Hidayət Heydərovla Zelim Kotsoyev Paris Olimpiadasından sonra ilk dəfə tatami üzərinə çıxacaqlar.

Hədəfimiz iştirak edəcəyimiz turnirlərdə uğurlu nəticə verməkdir. Cüdoda istənilən nəticə ilə rastlaşa bilərik. Məsələn, əfsanəvi atlet Useyn Bolt ən yaxşı formasında olduğu zaman iştirak edəcəyi yarışdan əvvəl qalib gələcəyinə əmin olur. Lakin cüdoda belə deyil. Bizim məşğul olduğumuz idman növünü gözəlləşdirən məqamlardan biri də budur".

R.Trautman digər cüdoçulardan da medal gözlədiyini vurğulayıb:

"Turan Bayramov (60 kiloqram), Ruslan Paşayev (66 kiloqram) və Zelim Tçkayevdən (81 kiloqram) medal gözləyirəm. Biz cüdoçularla fərdi olaraq hazırlaşırıq".

Qeyd edək ki, aprelin 23–27-də təşkil olunacaq Avropa çempionatında ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 16 cüdoçu (9 kişi, 7 qadın) təmsil edəcək.