Cioyev gümüş, Meşvildişvili bürünc medal qazandı - DÇ-2026

Cioyev gümüş, Meşvildişvili bürünc medal qazandı - DÇ-2026

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləşdə 6 təmsilçimiz mübarizə aparıb.

Əvvəlcə İslam Bazarqanov (61 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq) və Ali Tsokayev (92 kq) xalça üzərinə çıxıblar.

İslam Bazarqanov və Cəbrayıl Hacıyev yarımfinalda, Turan Bayramov 1/8 finalda, Ali Tsokayev isə 1/4 finalda uduzub.

Bu dörd idmançının rəqibi finala çıxdığı üçün güləşçilərimiz sabah təsəlliverici görüşlərə qatılacaqlar.

Axşam seansında Arseniy Cioyev (86 kq) final görüşünü keçirib. O, amerikalı dörqat dünya çempionu Kayl Deykə 2:3 hesabı ilə məğlub olaraq gümüş mükafatla kifayətlənib.

Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal duelində macarıstanlı Vladislav Baytsayevi 10:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, yarış sabah yekunlaşacaq.

Bunadək komandamızın aktivində 3 medal var idi: yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub, Nihat Məmmədli (63 kq) gümüş mükafat əldə edib.