AFFA İntizam Komitəsi 2-ci Liqa klubuna 4 min manat cərimə kəsdi

AFFA İntizam Komitəsi 2-ci Liqada yarışan "Kür-Araz" klubunun 3 futbolçusu və vitse-prezidentinə ciddi cəza verib.
"Mediasport" xəbər verir ki, qurumun bu gün keçirilən toplantısında Aran təmsilçisinin üzvləri 4 oyunluq diskvalifikasiya ediliblər.
2-ci turun "Göygöl"lə oyununun 62-ci dəqiqəsində "Kür-Araz"ın oyunçularından Elxan Məmmədov hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına, Elnur Məmmədovla Eltun Həsənli isə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiklərinə görə cəzalandırılıblar.
Həmçinin klubun vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyunluq sanksiyaya mərzu qalıb.
"Kür-Araz" ümumilikdə 4000 manat cərimələnib.
İntizam Komitəsi sözügedən görüş bitdikdən sonra azarkeşləri meydana daxil olduğuna görə "Göygöl" komandasını da 250 manat cərimələyib.