"Kəpəz" 1000-ci oyununu keçirdi

"Kəpəz" futbol klubu müstəqillik illərində mininci rəsmi oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Misli Premyer Liqasının IV turu Gəncə təmsilçisi üçün əlamətdar olub.
Qərb klubu yubiley matçında "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzub.
"Kəpəz" 1992-ci ildən indiyədək Premyer Liqada (əvvəl güclülər dəstəsi) 686, I Liqada (əvvəl birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik Kubokunda 13 qarşılaşmaya çıxıb.
Komanda bu görüşlərdə 415 qələbə qazanıb. 209 heç-heçəsi olan komanda 376 dəfə uduzub.
Yalnız 2006-2009-cu illərdə üç mövsüm fəaliyyətini dayandıran "Kəpəz" müstəqillik illərindəki oyun sayında ancaq "Qarabağ" və "Neftçi"dən geri qalır.
Qeyd edək ki, "Kəpəz" müstəqillik illərində ilk oyununu 1992-ci il mayın 3-də "Turan"a qarşı keçirib. Gəncə təmsilçisi ilk ölkə çempionatının açılış günündə 2:1 hesablı qələbə qazanıb.