Komandamız türkdilli dövlətlər arasında yarışın qalibi oldu
Azərbaycanın 16 yaşadək şahmatçıları Türkiyənin Qaziantep şəhərində türkdilli dövlətlər arasında təşkil edilən I komanda çempionatının qalibi olublar.
"Mediasport" xəbər verir ki, dairəvi sistem üzrə təşkil edilən turnirdə hər komanda bir oğlan və bir qız şahmatçıdan ibarət olub.
Azərbaycan komandası 11 xalla çempion adını qazanıb. Eyni xala malik Özbəkistan təmsilçiləri əlavə göstəricilərə görə ikinci yeri tutub. Türkiyə komandası isə üçüncü olub.
Turnirdə 6 dövləti təmsil edən 8 komanda - Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın şahmatçıları qüvvələrini sınayıb.
Bağlanış mərasimində Azərbaycan komandasına medal və diplom təqdim olunub. Qalibin şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, Azərbaycan komandasının heyətində Rüstəm Rüstəmov və Məryəm Ağaverdiyeva çıxış edib. Komandanın kapitanı Fərid Abbasov olub.
