Qənirə Paşayevanın xatirə turnirinin açılışı keçirildi

Azərbaycan Şahmat Federasiyası, "Nəfəs" İctimai Birliyi və "Məmmədyarovlar" Şahmat Məktəbinin təşkilatçılığı ilə IV çağırış Milli Məclisin üzvü olan Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, sayca ikinci dəfə təşkil olunacaq və 6 gün davam edəcək turnir tanınmış ictimai-siyasi xadimin 50 illik yubileyinə həsr edilib.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himninin səsləndirilib. Ardınca Qənirə Paşayevanın ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Milli Məclisin deputatı Arzu Nağıyev turnirin əhəmiyyətindən bəhs edərək bildirib ki, yarışda titullu şahmatçıların iştirakı olduqca önəmli məqamdır.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Qənirə Paşayevanın təkcə Azərbaycan üçün yox, ümumilikdə türk dünyası üçün önəmli şəxsiyyət oıduğunu qeyd edib.
Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Yurdagül Aydağan turnirin ənənəvi təşkilinin vacibliyinə diqqət çəkib.
Qənirə Paşayevanın anası Tehran Paşayeva yarışın təşkilatçılarına ailəsi adından minnətdarlığını çatdırıb.
Şahmat Federasiyanın vitse-prezidenti və yarışın baş hakimi Faiq Həsənov yarış iştirakçılarına uğurlar arzulayıb və turnirin yüksək səviyyədə keçəcəyinə əminliyini vurğulayıb.
Azərbaycanı yarışda Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Türkan Məmmədyarova təmsil edəcək.
Eyni zamanda, turnirə Nilufər Yakubbayeva (Özbəkistan), Assel Serikbay (Qazaxıstan), Gülenay Aydın (Türkiyə) və Nurgül Səlimova (Bolqarıstan) da qatılacaqlar.
Beynəlxalq şahmat turniri "Landmark Hotel"in “Rotunda” zalında baş tutacaq. Yarışın açılış mərasimi sabah keçiriləcək.
Turnir rapid və blits üzrə təşkil olunacaq və qaliblər hər iki növdə nəticənin cəminə əsasən müəyyənləşəcək.
Yarışın ümumi mükafat fondu 30 min manat olacaq.