İLGİNC OLAY! Elxan Məmmədov Azərbaycan futboluna geri döndü

İLGİNC OLAY! Elxan Məmmədov Azərbaycan futboluna geri döndü

Azərbaycan futbolunda maraqlı hadisələr yaşanmaqda, klanlararası mübarizələr dərinləşməkdədir.

Belə ki, "Mediasport"un redaksiyasına yüksək etibarlı mənbədən inanılmaz, detallı informasiya daxil olub.

Məlumata görə, 2008-2022-ci illərdə Azərbaycan futbolunu böyrüstə qoymuş Elxan Məmmədov "köhnə təsərrüfatda"kı yerini bir qədər də möhkəmləndirib.

14 il Azərbaycan futbolunu ən bərbad formada idarə etdikdən sonra geniş əlaqələri sayəsində FİFA-da özünə vəzifə düzəltdirən sabiq baş katib artıq AFFA-ya daha dərindən təsir rıçaqlarını işə salıb.

Bir çox klubda ("Araz-Naxçıvan", "Kəpəz", "Sumqayıt", "Səbail" və s.) de fakto söz sahibi olduğu iddia edilən, komandaların çoxunu yaxın dostları vasitəsilə əlində saxlayan "FİFA Elxan" bu dəfə də istəyinə çatıb.

Necə? Bütün yüksək əlaqə vasitələri ilə birbaşa federasiya rəhbərliyinə telefon açdıraraq xəbər göndərən Məmmədov qurumdakıları çıxılmaz vəziyyətdə qoyub.

O, Elxan Səmədovun yenidən Peşəkar Futbol Liqasının prezidenti olmasını istəyib və qarşılığında FİFA tərəfindən AFFA-ya son illərdə beynəlxalq arenada dəstək verilməsində mühüm rol oynadığını edildiyini xatırladaraq minnət qoyub.

FİFA rəsmisi eyhamla bildirib ki, bu məsələlərdə birbaşa əməyi var və buna görə xahişi yerdə qalmamalıdır.

Mənbənin informasiyasına görə, işin ən ilginc tərəfi odur ki, Elxan Səmədovun özü yenidən PFL prezidenti seçilməsi üçün məhz son 4 ilə qədər hər vəchlə onun qarşısını kəsən, ona "mehriban düşmən" münasibəti göstərən, hətta yerinə Cahangir Həsənzadəni hazırlayan Elxan Məmmədovla bir neçə dəfə əlaqə yaradaraq ondan vəzifəsini davam etdirməsinə köməklik göstərməsini xahiş edib.

Qısası, bu var-gəllə barışmaz "düşmənlər"in son 3-4 ildə münasibətlərinin 180 dərəcə dəyişdiyi də ortaya çıxıb.

Məmmədov bu minvalla qarşıdakı illərdə də AFFA-ya birbaşa müdaxilə imkanlarını xeyli gücləndirməyə müvəffəq olub.

Həmçinin illərdir onunla əks-cəbhədə olan Səmədovun yenidən PFL prezidenti vəzifəsinə seçilməsini təmin edə bilib.

Beləliklə, iyulun 24-də baş tutacaq PFL-ə prezident seçkilərində Elxan Səmədovun rəqibi olmayacaq.

Xatırladaq ki, mövzu ilə bağlı tam detallı olmasa da, oxşar xəbəri bu gün xitab24.az saytı da dərc edib.