Mikayıl Cabbarov Avropa çempionu olan milli komandamızı təbrik etdi
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında 1-ci yeri tutan yunan-Roma güləşi millisini təbrik edib.
"Mediasport" xəbər verir ki, qurum rəhbəri bu barədə sosial şəbəkə hesabları vasitəsilə paylaşım edib:
"Biz Avropanın ən güclüsüyük! Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır.
Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix yazması, Qurban Qurbanovun (82 kq) titulunu qoruyaraq yenidən zirvəyə yüksəlməsi böyük əzmin, zəhmətin və peşəkarlığın bariz nümunəsidir.
Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasovun (87 kq) qazandığı bürünc medallar da komandamızın döyüş ruhunu bir daha nümayiş etdirdi.
Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram".
Xatırladaq ki, Azərbaycan komandası əvvəlki günlərdə 5 medal qazanıb - Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər.
Millimiz bu nəticə ilə komanda hesabında Avropa çempionu olub.
