Türkiyədəki yarış Azərbaycan Güləş Federasiyasına həvalə edildi
Azərbaycan güləşçiləri Türkiyənin Kocaeli şəhərində Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində yarışacaqlar.
"Mediasport" xəbər verir ki, avqustun 2-dək davam edəcək birincilikdə ölkəmiz yunan-Roma və sərbəst güləşdə ümumilikdə 23 idmançı ilə təmsil olunacaq.
Məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Nihad Quluzadə, Rəşad Məmmədov (hər ikisi 60 kq), Nihat Məmmədli, Ziya Babaşov (hər ikisi 63 kq), Xalid Həsənov (72 kq), Ruslan Nurullayev, Davud Məmmədov (hər ikisi 77 kq), Laçın Vəliyev, Tuncay Vəzirzadə (hər ikisi 87 kq), Məhəmməd Əhmədiyev (97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) yunan-Roma güləşində mübarizə aparacaq.
Məşqçi Arif Abdullayev və Taymuraz Kokoyevin rəhbərliyi altında isə sərbəst güləşçilərimiz - Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev, Ruslan Abdullayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Təbriz Bayramov (92 kq), Zəfər Əliyev (97 kq), Muxamad Qantemirov və Ketaq Karsanov (hər ikisi 125 kq) gücünü sınayacaq.
Dünya Güləş Birliyi (UWW) bu yarışın ümumi idarəetməsini Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinin sədri, I-S dərəcəli referi Asif Şirəliyevə tapşırıb.
Ali qurumun etimadını qazanan A.Şirəliyev UWW nümayəndəsi kimi yarışın rəhbəri funksiyasını yerinə yetirəcək.
Memorialda üçüncü dərəcəli hakimlərimiz Elxan Həmidzadə, Samir Hacıyev və Qədim Qurbanov ədaləti qoruyacaq.


