Yığmamız dünya çempionatı üçün Özbəkistan millisi ilə yarışacaq

Yığmamız dünya çempionatı üçün Özbəkistan millisi ilə yarışacaq

Azərbaycanın qadınlardan ibarət şahmat millisi İspaniyanın Linares şəhərində keçiriləcək dünya çempionatına vəsiqə uğrunda Özbəkistanla qarşılaşacaq.

"Mediasport" xəbər verir ki, mundiala 12-ci vəsiqənin sahibi məhz Azərbaycan və Özbəkistan komandalarının dueli ilə məlum olacaq.

DÇ-də təşkilatçı ölkə İspaniya, 2023-cü ildə baş tutan son dünya çempionatının ən yaxşı 4 komandası - Gürcüstan, Fransa, Qazaxıstan, ABŞ, eyni zamanda dünya reytinq sıralamasına əsasən qitələr üzrə seçilən Çin, Ukrayna, Peru, Misir, Hindistan və FIDE komandaları mübarizə aparacaq.

Millimizin seçmə qarşılaşması noyabrın 1-2-də Bakıda “Dinamo” hotelində təşkil olunacaq. İki gün ərzində rapid yarışının yekununda qalib gələcək komanda dünya çempionatına yollanmaq şansı qazanacaq.

Komandamızın heyətində Qədir Hüseynovun kapitanlığı ilə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva yarışacaq.

Baş hakim Faiq Həsənov olacaq. Qeyd edək ki, dünya çempionatı noyabrın 18-23-ü aralığında baş tutacaq.