Bakı Kristal Zalında 50 min dollarlıq yarış start götürdü
Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Open” beynəlxalq şahmat festivalı start götürüb.
"Mediasport" xəbər verir ki, Bakı Kristal Zalında keçirilən festivalda 1-ci tur yarışın baş hakimi Faiq Həsənov tərəfindən başlanıb.
Festival 3 qrupda – A,B və C qrupları üzrə təşkil olunur.
Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilir.
Festival çərçivəsində eyni zamanda veteran şahmatçılar arasında Azərbaycan çempionatının partiyaları oynanılır.
Rəsmi açılış mərasimi aprelin 30-da olacaq.
Yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının ümumi mükafat fondu 50,000 ABŞ dollarına bərabərdir.
Festivalda sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Danil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd da mübarizə aparır.
