Sabiq "Xəzər Lənkəran"lılar Mübariz Mənsimovun qəbulunda

Sabiq "Xəzər Lənkəran"lılar Mübariz Mənsimovun qəbulunda

Türkiyədə yaşayan tanınmış iş adamı Mübariz Mənsimov tarixə qovuşmuş “Xəzər Lənkəran” klubunun sabiq futbolçuları ilə görüşüb.

"Mediasport" xəbər verir ki, "Palmali" Şirkətlər Qrupunun rəhbəri fəaliyyətini dayandırmış komandasının üzvlərindən kapitan Alim Qurbanov və Zaur Ramazanovla baş tutan görüşlə bağlı təəssüratlarını bölüşüb.

İş adamı "Xəzər Lənkəran"la bağlı xatirələri yada saldıqlarını qeyd edib və bu klubun Azərbaycan futbolunda tutduğu yerdən söz açıb:

"O vaxtlar həqiqətən başqa ab-hava var idi. Gözəl maçlar, güclü heyət, böyük mübarizə…

"Xəzər Lənkəran" Azərbaycan futbolunda öz izini qoymuş klubdur və hər zaman da insanların yaddaşında gözəl xatirələrlə qalacaq.

O illəri hər zaman yaxşı xatırlayıram. Bakıya gəlib o oyunlara baxmaq, stadiondakı atmosferi yaşamaq, xüsusilə də, komandanın azarkeşlərinin coşğusunu görmək unudulmaz idi.

Klubuna bu qədər bağlı və sadiq fanatlar həqiqətən fərqli idi. Buradan bütün "Xəzər Lənkəran" azarkeşlərini, klubda əməyi keçən futbolçuları, məşqçiləri və bütün kollektivi salamlayıram".

Görüşdə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev də iştirak edib.