"Müntəzəm olaraq çempionluq uğrunda mübarizə aparan bir komanda ilə qarşılaşacağıq"
"Müntəzəm olaraq çempionluq uğrunda mübarizə aparan və oyun mexanizmləri formalaşmış bir komanda ilə qarşılaşacağıq".
"Mediasport" xəbər verir ki, bu sözləri Almaniyanın "Ayntraxt" komandasının baş məşqçi əvəzi Dennis Şmitt deyib.
Sabah Bakıda "Qarabağ"ın qonağı olacaq Frankfurt təmsilçisinin məşqçisi UEFA Çempionlar Liqasının 7-ci tur görüşündən öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
O, oyuna hazır olduqlarını diqqətə çatdırıb:
"Dünən və bu gün vaxtdan səmərəli istifadə edib yaxşı çalışdıq. Uşaqlar çox yaxşı məşq etdilər və hisslərim son dərəcə müsbətdir. Futbolçular mənə inam göstəriblər. İndi bütün diqqətimiz Bakı səfərinə yönəlib.
Aktiv və cəsarətli oynamaq istəyirik. Sabah qarşıdakı həftə üçün bir növ final oyunu qazanmaq baxımından çox böyük şansımız var. Bu, sehrli bir an ola bilər və bunu səbirsizliklə gözləyirik. Dərinliyi yaxşı sığortalamalı, keçid anlarından düzgün istifadə etməli və topa sahib olduğumuz vaxtlarda keyfiyyətli oyun göstərməliyik".
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" qarşılaşması saat 21:45-də başlanacaq.
