Nərgiz İsmayılova Avropa Liqasının oyunlarına təyinat aldı
Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, qadın voleybolçular arasında Avropa Liqasının oyunlarına supervayzer təyin olunub.
İsmayılova 12-14 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində, 19-21 iyun tarixlərində isə Estoniyanın paytaxtı Tallində keçiriləcək qarşılaşmalarda supervayzer kimi fəaliyyət göstərəcək.
Yunanıstanda keçiriləcək oyunlarda Portuqaliya, Kosovo və ev sahibi Yunanıstan milli komandaları mübarizə aparacaqlar.
Estoniyada təşkil olunacaq qarşılaşmalarda isə Latviya, Yunanıstan və ev sahibi Estoniya milli komandaları iştirak edəcəklər.


