"Oyunçularımız çox səhvlər etdilər" - Milli komandamızın baş məşqçisi

"Oyunçularımız çox səhvlər etdilər" - Milli komandamızın baş məşqçisi

Azərbaycanın U-18 millisinin baş məşqçisi Cahangir Seyid Abbasi yığmamızın Latviyada Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) oyunlarında çıxışını dəyərləndirib.

"Mediasport" xəbər verir ki, çalışdırıcı federasiyanın mətbuat xidmətinə açıqlamasında voleybolçularımızın təcrübəsizliyini ön plana çəkib:

"Rəqiblərimiz Estoniya, Ukrayna və Gürcüstan yığmaları idi. Estoniya və Ukrayna komandalarının Avropanın ən güclüləri arasında yer aldığını hamı bilir.

İlk görüşümüz Estoniya ilə oldu, məqsədimiz qələbə qazanaraq turnirə yaxşı başlamaq idi. Lakin oyunçularımız çox səhvlər etdilər və istədiyimiz oyunu göstərmək mümkün olmadı.

Komandada 3-4 təcrübəli voleybolçu olsa da, heyətin böyük hissəsi ilk dəfə beynəlxalq yarışa çıxırdı və bu, nəticəyə təsir etdi".

Mütəxəssis digər rəqib Ukraynanın daha təcrübəli kollektiv olduğunu vurğulayıb:

"Buna baxmayaraq, ilk qarşılaşma ilə müqayisədə daha yaxşı oyun nümayiş etdirdik və daha prinsipial mübarizə apardıq.

Turniri Gürcüstan millisinə qarşı qələbə ilə başa vurduq. Bu oyunda uşaqlar çox yaxşı oynadılar və 3:0 hesabı ilə inamlı qələbə qazandıq.

Bu qələbə komandanın özünəinamını artırdı və növbəti yarışlar üçün motivasiya yaratdı".