Qrupda bütün matçları uduzan milli komandamızın baş məşqçisi: "Futbolçular xarakter göstərdilər"

 Qrupda bütün matçları uduzan milli komandamızın baş məşqçisi: "Futbolçular xarakter göstərdilər"

"Təəssüf ki, qrupdan çıxa bilmədik. Ancaq bunun da müəyyən səbəbləri var.

"Mediasport" xəbər verr ki, bunu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Mütəxəssis yığmanın Avropa çempionatının seçmə mərhələsində yer aldığı 13-cü qrupda çıxışı haqda danışıb.

O, millinin qrupdan çıxa bilməməsinin səbəblərini izah edib:

"Üç fərqli oyun keçirdik. Hələ turnirdən əvvəl qrupun favoriti Çexiya yığması hesab olunurdu. Onlar həqiqətən də yüksək səviyyədə çıxış etdiklərini göstərdilər.

İlk matçı çexlərə qarşı keçirdik (1:6). Rəqib onsuz da güclü idi. Üstəlik, Hikmət Cəbrayılzadənin 75-ci dəqiqədə qırmızı vərəqə alması işimizi daha da çətinləşdirdi. Azlıqda qaldıqdan sonra 3 qol buraxdıq.

Hikmət aparıcı futbolçularımızdan biri idi. Onun sonrakı iki görüşü buraxmasının da oyunumuza böyük təsiri oldu".

E.Abdullayev Şimali İrlandiya (0:1) və Malta (2:1) ilə qarşılaşmaları belə dəyərləndirib:

"İkinci matçda Şimali İrlandiyaya məğlub olsaq da, onlarla başabaş mübarizə apardıq. Komandamız yaxşı oynadı, qol şansları yaratdı. Təəssüf ki, dəyərləndirə bilmədik.

Maltaya qarşı son görüşü də futbolçular yaxşı keçirdilər. Rəqib heç də zəif deyildi, üstəlik, öz meydanında oynayırdı.

Bizim komandamızda isə yorğunluq var idi. Eyni zamanda, ilk iki matçda məğlub olduğumuz üçün futbolçuların motivasiyası aşağı idi. Buna baxmayaraq, hətta hesabda geri düşdüyümüz halda özümüzdə güc tapdıq və qələbə qazandıq".

Məşqçi komandanın ümumi çıxışından razı qaldığını bildirib:

"Ümumilikdə nəticədən olmasa da, komandanın çıxışından razı qaldım. Çünki futbolçular xarakter göstərdilər. Bu heyətin potensialı var. Sadəcə, uğurlu nəticə qazanmaq üçün klublarla birlikdə daha çox çalışmaq lazımdır".