"Futbolçular çox həvəslidirlər, matçın vacibliyini dərk edirlər"
“Sabah çox vacib oyuna çıxacağıq. Andorra yığması ilə ardıcıl iki dəfə qarşılaşacağıq. İndiki məqamda yalnız səfər matçını düşünürük.
"Mediasport" xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis sbaah dünya çempionatının seçmə mərhələsinin 3-cü turu çərçivəsində Andorra yığması ilə baş tutacaq oyunqabağı fikirlərini bölüşüb:
"Qrupda daha yaxşı mövqedə qərarlaşmaq üçün Andorra ilə görüşlər böyük önəm kəsb edir. İspaniyada beş günlük təlim-məşq toplanışı keçdik, oyuna yaxşı hazırlaşdıq.
Futbolçular da çox həvəslidirlər, matçın vacibliyini dərk edirlər. Rəqib barədə bütün məlumatları onlarla bölüşmüşük.
Komanda oyuna tam hazırdır. Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır”.
Qeyd edək ki, C liqasının 3-cü qrupu çərçivəsində Andorra la Vella şəhərindəki Milli Stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Komandamız qrupda Şimali Makedoniyaya qalib gəlib (2:0), Macarıstana uduzub (0:1).
Millimizin növbəti matçı da Andorra seçməsinə qarşı olacaq (18 aprel).
