"O, ilk hissədə sadə səhvlərə yol verirdi" - Kurban Berdıyev
"Təxmin etdiyimiz kimi, ağır oyun oldu. "Şamaxı" bu mövsüm üçün kifayət qədər güclənib. Yaxşı futbolçulara malikdirlər. Oyunlar keçdikcə, gücləri daha da artır. İkinci hissədə biz daha bütöv oyun nümayiş etdirdik. Qələbəyə layiq idik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.
O, Premyer Liqanın 10-cu turunun "Şamaxı" ilə oyununu dəyərləndirib, 2:1 hesablı qələbəni şərh edib.
İlk hissənin bu qədər sönük keçməsini nə ilə əlaqələndirirsiniz?
- Həyəcan var idi. Uzun müddətdən sonra öz azarkeşlərimiz qarşısında oynayırdıq. Məşqdə də hiss edilirdi. İkinci hissədə biz daha bütöv oyun göstərdik. Bir az sakitləşmişdilər.
Stadionun qazonu ilə bağlı fikriniz necədir? Düşünürdünüz ki, bəlkə bir müddət sonra oynayardınız?
- Qazonla bağlı hər şey aydındır, özünüz hər şeyi görürsüz. Oyunla bağlı danışaq.
"Turan Tovuz" hazırda liderdir. Milliyə yalnız Faiq Hacıyev cəlb edilir. Artıq o da start heyətində yer almır. Bu sizi qayğılandırır?
- Təkcə Faiqə yox, digərlərinə də aiddir, kim güclüdürsə, o da oynayır.
Ayxan Abbasov bildirdi ki, hər iki komanda bir xala layiq idi. Siz necə düşünürsünüz?
- İkinci hissədə biz daha üstün oynadıq. Daha çox qol epizodlarımız var idi. Biz qələbəyə daha layiq idik.
Müdafiə xəttinin çıxışından, xüsusilə də Emmanuel Hakmandan razı qaldınız?
- Hakman heç vaxt olmadığı qədər həyəcanlı idi. Əsasən də ilk hissədə sadə səhvlərə yol verirdi. İkinci hissədə daha rahat və daha yaxşı oynadı.
