"Hapeol"ə dünənki qarşılaşmanı Valdas Dambrauskas uduzdu!
Cari mövsüm avrokuboklarda təəccübləndirməyi bacaran “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçını məğlub başa vurdu.
"Bayquşlar" Rumıniya səfərində “Hapoel" Beer-Şeva”ya 1:2 hesabı ilə uduzmaqla işini bir qədər qəlizləşdirdi.
İsrail təmsilçisi qarşısında hesabı erkən açan bakılılar üstünlüyü sonadək qoruya bilməyincə Beer-Şeva futbolçuları fürsətdən maksimum yararlanıb nəticəni xeyirlərinə dəyişməyə müvəffəq oldular.
Əlbəttə, Azərbaycan çempionu üçün vəziyyət düzəldilməyəcək həddə deyil – bütün suallara avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda aydınlıq gətiriləcək.
Lakin bir faktı xüsusi qeyd etməliyik - Buxarestdəki oyunu "Sabah" yox, baş məşqçi Valdas Dambrauskas uduzdu.
Litvalı mütəxəssisin xüsusilə ikinci hissədə oyuna müdaxiləsilə bağlı verdiyi qərarlar komandanı birbaşa məğlubiyyətə sürüklədi.
Öz aləmində fərqlilik göstərib Amerika kəşf etməyə çalışan menecer-məşqçiyə 70-ci dəqiqədən sonra yerini göstərdilər.
Onun hesab 1:1 olan zaman meydana daha iki forvard buraxaraq üçlü hücumçu taktikasına keçməsi heç cür anlaşılan olmadı.
Əvəzində israillilər rəqibin ön xətdə yaratdığı faydasız say artımını əks-həmlədə daha güclü təzyiq hesabına sıxışdıraraq qələbə topunu vurdular.
Görəsən, Dambrauskas qalan dəqiqələr üçün nə düşünürdü? Axı komanda məğlub olmurdu. Üstəlik qarşıda əlavə olaraq cavab matçı, hətta 30 dəqiqəlik artırmalar və penaltilər seriyasının mümkünlüyü halında 3 hücumçuya keçidin mənası nə idi?
Nəzərə alaq ki, sonuncu forvard - nigeriyalı Kristian Nkvaçukvu olduqca hazırlıqsız və faydasız olduğunu növbəti dəfə göstərdi. Halbuki afrikalıya ehtiyac duymadan ənənəvi qaydada Kahim Parrisi cinahına salıb vəziyyətə nəzarət etmək olardı.
Məhz yersiz hücumçu dəyişikliklərindən sonra "Sabah"ın hücum gücü artmadı, əksinə, oyunun balansı pozuldu və rəqib daha çox boşluq əldə etdi.
Belə deyək, başabaş səviyyəli iki komandanın ilk duelini "Hapoel"in baş məşqçisinin ağıllı taktiki gedişi qazandı.
İndi Valdas Dambrauskas qarşıdakı görüşdə dünən etdiyi yanlış əvəzetmələrə görə vəziyyəti düzəltməyə borcludur. Rəqib tam keçiləsi komandadır.
"Sabah" Liqa mərhələsinə vəsiqə qazanmasa, səbəbkar birbaşa litvalı olacaq. Hərçənd nəinki UEFA Avropa Liqası, hətta Konfrans Liqasının da əsas mərhələsi komanda üçün böyük uğurdur.
Ancaq daha böyük nailiyyət ayağına qədər gəlmişkən fürsəti eqodan doğan yanlış müdaxilə ilə qaçırmaq, hardan baxsan, uğursuzluq sayılmalıdır.
Mediasport.com.az


