Qadın güləşçilərimiz Avropa çempionatında 3 medal qazandı

 Qadın güləşçilərimiz Avropa çempionatında 3 medal qazandı

Azərbaycanın qadın güləçiləri İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında 3 medal qazanıblar.

"Mediasport" xəbər verir ki, yalnız finalda məğlub olan Simurə Abdullayeva (66 kq) gümüş mükafat əldə edib.

Leyla Əsgərova (39 kq) və Məryəm Əmrəli (54 kq) isə bürünc medala sahib çıxıblar.

Yığmamız 82 xalla komanda hesabında 5-ci yeri tutub.

Millimiz medalların sayına, əyarına, toplanan xallara və komandanın yekun sıralamadaki mövqeyinə görə U15 Avropa çempionatları tarixində özünün ən yaxşı nəticəsini gerçəkləşdirib.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə 3 təmsilçimiz finala adlayıb.

38 kq-da Hüseyn Əmrahlı, 44 kq-da Ömər Salmanov və 75 kq-da Ruslan Nuriyev finalda, 52 kq-da Hüseyn Mustafazadə və 62 kq-da Nadir Həsənov bürünc medal uğrunda, 38 kq-da Xudayar Kərimli, 41 kq-da Rahib Əhmədov, 48 kq-da Vəkil Bəşirov və 85 kq-da Zöhrab Səfərov isə təsəlliverici görüşdə gücünü sınayacaq.

Təsəlliverici və medallar uğrunda görüşlər sabah keçiriləcək.

Qeyd edək ki, bu yarışda uğurla çıxış edən sərbəst güləş komandamız 2 qızıl, 4 gümüş və 1 bürünc medal və 161 xalla ikinci dəfə Avropa çempionu adını qazanıb.