"Qarabağ"ın İslandiya futbolunun tarixinə düşmüş rəqibi - DOSYE

"Qarabağ"ın İslandiya futbolunun tarixinə düşmüş rəqibi - DOSYE

UEFA Avropa Liqasında 2026/2027-ci illər mövsümü üçün 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Azərbaycanı mötəbər yarışda təmsil edəcək "Qarabağ"ın da rəqibi müəyyənləşib.

Qurban Qurbanovun komandası ilk mərhələdə İslandiyanın "Vestri" klubu ilə qarşılaşacaq.

Azərbaycandan çox adamın adını ilk dəfə eşitdiyi klub ada dövlətin qərbində yerləşən İsafyardarbayr şəhərini təmsil edir.

Komandanın əsası 1986-cı ildə qoyulub.

Müxtəlif dövrlərdə fərqli adlar altında fəaliyyət göstərsə də, 2016-cı ildə yenidən formalaşdırılaraq indiki "Vestri" adını alıb.

Kollektiv ev oyunlarını 1596 tamaşaçı tutumuna malik "Kerecisvöllurinn" stadionunda keçirir.

Uzun illər İslandiya futbolunun aşağı dəstələrində çıxış edən "Vestri" son mövsümlərdə diqqətçəkən yüksəlişə və enişə nail olub.

Komanda 2023-cü ildə pley-offun qalibi olaraq tarixində ilk dəfə ölkənin ən yüksək divizionu olan "Besta deild karla"ya (Yüksək Liqa) vəsiqə qazanıb.

Lakin klubun ən böyük uğuru 2025-ci ildə qeydə alınıb. Maraqlıdır ki, elitada uğursuz çıxış edən və yenidən birinci liqaya yuvarlanan komanda son mövsümdə İslandiya Kubokunun qalibi olub.

Klub hazırda 1-ci Liqada 9 turdan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb və lider "Trottur"dan 6 xal geri qalır.

"Vestri"yə Avroliqa biletini də məhz kubok zəfəri qazandırıb.

Beləliklə, İslandiya təmsilçisi ölkə futbolu tarixində yüksək liqada çıxış etmədiyi halda Avropa kuboklarına vəsiqə əldə edən ilk klub kimi tarixə düşüb.

Hazırda komandaya qanalı mütəxəssis Daniel Osafo-Badu rəhbərlik edir. Heyətin əsas hissəsi yerli futbolçulardan ibarətdir.

Mediasport.com.az