Famil Xəlilov yığmamızın DÇ-də 84-cü yeri tutmasını şərh etdi

Famil Xəlilov yığmamızın DÇ-də 84-cü yeri tutmasını şərh etdi

"Daha yaxşı nəticəyə ümid edirdik. Sadəcə, dünənki ağır məğlubiyyətdən sonra futbolçular psixoloji cəhətdən tam toparlana bilmədilər".

"Mediasport" xəbər verir ki, bu sözləri U-15 Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov deyib.

Mütəxəssis komandamızın Dünya Kuboku və Festivalında son matçını və ümumi çıxışını dəyərləndirib.

O, bəzi məqamlarda komandanın oyununda boşluqlar yarandığını bildirib:

“Düşünürdük ki, qrupda ən yaxşı nəticəni göstərək və daha yüksəksəviyyəli komandalarla oynayaq. Bununla da uşaqlarımızdakı çatışmazlıqları, boşluqları görə bilək. Bizim üçün əsas məsələ bu turnirdə nəyə ehtiyacımız olduğunu müəyyənləşdirmək idi.

Həqiqətən, oyunçularımız çox istedadlıdırlar. Futbolçuların keyfiyyəti ortadadır. Onların 14-15 yaşları var və belə bir turnirdə ilk dəfə çıxış edirlər.

Aralarında elələri var ki, indiyədək ölkə xaricinə çıxmayıblar. İlk beynəlxalq turnirlərində altı gün ərzində 10-cu oyuna çıxmaq onlar üçün çox ağır təzyiqdir.

Əvvəlki oyunlarımızı izləmisiniz. Avstraliya, Haiti və Çili ilə görüşlərdə komandamız kifayət qədər yaxşı çıxış etdi. Sadəcə, müəyyən məqamlarda futbolçular təcrübəsizlikdən boşluqlara yol verdilər".

Çalışdırıcı qeyd edib ki, bu futbolçuların yetişməsi üçün çoxlu beynəlxalq turnirə ehtiyac var:

“Kifayət qədər oyunlar keçirməli, daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, belə hallarda oyuna daha yaxşı köklənə və yüksək performans göstərə bilsinlər.

Əlbəttə, bu işdə əsas məsuliyyət klubların üzərinə düşür. Uşaqlar üçün daha çox turnirlərin təşkili vacibdir”.

Qeyd edək ki, millimiz son görüşündə Əfqanıstan futbolçularına penaltilər seriyasında uduzaraq 189 ölkənin yarışdığı DÇ-də 84-cü yeri tutub.