"Qarabağ" - "Ayaks" oyunu "CBC Sport" kanalından alındı - RƏSMİ
Dekabrın 10-da Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ" - “Ayaks” oyunu "CBC Sport" kanalı vasitəsilə yayımlanmayacaq.
"Mediasport" xəbər verir ki, görüşü canlı yayımda "İctimai" televiziya təqdim edəcək.
İTV bununla bağlı məlumat yayıb:
“Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur.
"Qarabağ" klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayımlanır.
Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayım proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub.
Yayımçı qurumların birgə təşəbbüsü ilə “Qarabağ" – “Ayaks” oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub”.
Xatırladaq ki, əvvəlki anlaşmaya əsasən, Ağdam təmsilçisinin ÇL-də səfər matçlarını İTV, ev qarşılaşmalarını "CBC Sport" yayımlayırdı.
