Rəşad Sadıqovun "səviyyə fərqi" - Barı, ustadından nümunə götür!
Elə bir oyun xatırlaya bilməzsiz ki, Qurban Qurbanov azarkeşlərdən danışmasın, onlara təşəkkür etməsin.
Məhdud imkanlarla Azərbaycanı dünyanın yaşıl meydanlarında şərəflə təbliğ edən mütəxəssis hər matçdan əvvəl və sonra "12-ci oyunçu" amilinə dəyər verir, qiymətləndirir.
Ən son Bakıda - "Ayaks"la qarşılaşmadan sonra ünvanına nələr deyilmədi, nələr yazılmadı - oyunu "verməsindən" qəsdən uduzmağa qədər.
Azarkeşdir də, ağzını bağlayacaq deyilsiz ki.
Qurban Qurbanov isə həmişəki kimi - böyüklüyünü, peşəkarlığını, ədəbini qorudu və bir kəlmə artıq reaksiya verməyərək yoluna davam etdi.
Nəticə? Nəticə UEFA Çempionlar Liqasında daha bir tarixi uğur - pley-off!
Bəs Qurbanovun ən yaxın dostu, vaxtilə "silahdaşı" olmuş, Qurbanovu özünə böyük qardaş, müəllim, ustad sayan Rəşad Sadıqov nə edir?
Azarkeşə bozarır, sifət edir, sərt reaksiya verir. Heç bir söyüş, təhqir olmadığı halda.
Tənqidə bir damcı dözümü olmayan və 17 dəqiqəyə komandası 3 qol buraxmış mütəxəssis tribunadan gələn etirazlara barmaq silkələyir, "Sabah"la aradakı səviyyə fərqindən (!) danışır.
Hansı səviyyədən söhbət getdiyini, yəqin, ancaq Sadıqovun özü bilir.
Əsl səviyyə isə elə Qurban Qubanovdur, onun timsalında çəkdiyimiz nümunələrdir, yoldaş Sadıqov.
Barı, ən yaxın dostunuzdan belə peşəkarlıqları da öyrənin. Ağac bar verəndə başını aşağı əyər.
Siz nə vaxt " bar" verdiniz ki, indi də azarkeşə belə çımxırırsız?
AYXAN
