Samir Abasov: "Çempionata yaxşı hazır olacağımıza inanıram”

Samir Abasov: "Çempionata yaxşı hazır olacağımıza inanıram”

“Uzun müddətdən sonra ilk yoxlama görüşü idi. Oyunun hansı məcrada keçəcəyi haqda dünən sizə danışmışdım, hər hissəyə fərqli heyətlə çıxacağımızı demişdim".

"Mediasport" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov səsləndirib.

Mütəxəssis klub televiziyasına açıqlamasında Polşada keçirilən təlim-məşq toplanışı çərçivəsində İsrailin "Hapoel" (Təl-Əviv) klubu ilə yoxlama matçı (1:1) haqda danışıb.

O, uzun müddətdir oyun keçirmədikləri üçün çətinlik yaşadıqlarını dilə gətirib:

"Futbolçular üçün necə çətin olduğu matçdan görünürdü. Həm uzun müddət idi oyun keçirmirdik, həm də ağır yükləmələrdən sonra matça çıxırdıq. Məqsəd o idi ki, fiziki yükləmələrin fonunda futbolçuların özlərini necə göstərəcəklərini görək.

Məncə, bunun öhdəsindən gəldilər. Bu oyunlara taktiki cəhətdən o qədər də köklənmirik, fiziki aspektləri də düşünürük. Çünki çempionatın başlanmasına yetərincə vaxt var. Çalışırıq ki, futbolçular bu müddətdə tonusdan düşməsinlər, əksinə, belə oyunlarla onların fiziki vəziyyətlərini daha da yaxşılaşdıraq. Düşünürəm ki, ilk oyun üçün pis deyildi.

Futbolçuların ayrı-ayrılıqda etdikləri səhvlər normaldır. Özümüz də futbolçu olmuşuq, bilirik ki, bu vəziyyətdə ayaqlar sözə qulaq asmır. Yəni onları anlayırıq. Nəzərə alaq ki, dünən iki məşqimiz var idi. Əsas odur ki, fiziki durumumuzu yaxşılaşdıraq. Bununla yanaşı, komandanı formalaşdırandan sonra çempionata yaxşı hazır olacağımıza inanıram”.

Qeyd edək ki, “Neftçi” Polşada iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) kollektivləri ilə üz-üzə gələcək.