"Sumqayıt"ın 92 gün 876 dəqiqəlik həsrətinə Roy Kehat son qoydu

"Sumqayıt"ın 92 gün 876 dəqiqəlik həsrətinə Roy Kehat son qoydu

"Sumqayıt"ın Azərbaycan Premyer Liqasındakı qolsuz oyunlar seriyası qırılıb.

"Mediasport" xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi XXVI turun “Kəpəz”lə matçında (3:0) rəqib qapısına yol tapıb.

Vaqif Cavadovun yetirmələri bunadək ardıcıl 9 görüşdə qol vurmamışdı. Sumqayıtın eyniadlı klubu sonuncu dəfə 2024-cü il dekabrın 8-də “Neftçi” ilə ev qarşılaşmasında (2:0) fərqlənmişdi.

Cordan Rezabalanın 43-cü dəqiqədəki qolundan sonra “Sumqayıt” “Qarabağ” (0:5), “Kəpəz” (0:0), “Səbail” (0:2), “Sabah” (0:0), “Araz-Naxçıvan” (0:0), “Şamaxı” (0:1), “Zirə” (0:3), “Neftçi” (0:1) və “Qarabağ”la (0:2) üz-üzə gəlib.

Həmin topdan 92 gün sonra 876 dəqiqəlik seriyaya Roi Kehat son qoyub. Ardınca dublunu da rəsmiləşdirən 33 yaşlı israilli yarımmüdafiəçi Premyer Liqada 10-cu qolunu vurub. O, 59 matçda buna nail olub.

Bu, Azərbaycan çempionatları tarixində ən uzun qolsuz oyunlar seriyasında 2-ci göstəricinin təkrarıdır. Antirekord 2015/16 mövsümündə ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”a məxsusdur. 2001/02 və 2003/04 mövsümlərini əhatə edən müddətdə 9 oyun qol vurmayan “Dinamo” (sonrakı “Bakı”) “Sumqayıt”la eyni seriya yaşayıb.