VİDEO: "Konfrans Liqasında oynamağımızı arzulayırsız?"

VİDEO: "Konfrans Liqasında oynamağımızı arzulayırsız?"

"Futbolçularımı təbrik edirəm, yorğun qrafikdə oyunlarımız keçir, buna baxmayaraq, yaxşı performans göstərdilər. Xarakter nümayiş etdirdilər. Rəqibə uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, gəlib komandalarının yanında oldular".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Premyer Liqanın 30-cu turunun "Turan Tovuz"la matçı haqda danışıb, 2:1 hesablı qələbəni şərh edib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Musa Qurbanlının zədəsi nə dərəcədə ciddidir?

- Bərpa üçün vaxt lazım ola bilər. Məşqdə ağrı hiss etmişdi, xroniki zədədir. Dünənki məşqdə normal idi. Zədələndiyi epizodda ayağı düz düşmədi.

Buraxılan qolda Mateuş Koxalskinin səhvi var idi, yoxsa rəqibin ustalığı idi?

- Hər ikisi. Baxımlı qol idi. Qapıçı belə toplara reaksiya verməlidi. Sanki daha rahat oynamaq istədi, zərbəni ciddiyə almadı. Təkrarda baxdım. Amma zərbə doğrudan da keyfiyyətli idi. 

Ramil Şeydayev bu il cəmi 1 oyuna çıxıb və 9 dəqiqə oynayıb. Onun bu gün şans qazanması nə ilə bağlı idi?

- Ramil elə oyunçulardandır ki, hər zaman işgüzarlığı ilə seçilib. Oyunlarda da, məşqlərdə də. Bu, onun ən üstün tərəfidir. Oynadı-oynamadı, məşqlərdə ən yaxşılardandır. Bəzən az şans veririk. Bu gün onun son dəqiqə işgüzarlığına ehtiyac var idi.

Kubokda "Sabah"la oyunda olanlarla bağlı AFFA İntizam Komitəsi iki həftədir araşdırma aparır. Prosesin bu qədər çox çəkməsi yaxşı haldır?

- Bilmirəm. Normaldır. Kubok bir də gələn il olacaq. 

Juninyonu geri qaytarmaq istəyərdiniz?

- İnanmıram ki, onun bura gəlmək şans olsun. Çünki çox yaxşı çempionatda onayır. Meksika liqası pullu çempionatdır. Gəlsə, yox demərəm. İnanmıram ki, belə bir hal olsun. Az qol vurur, amma vacib qollar vurur. Bir az çətin görünən məsələdir. 

Yerli bazarda əcnəbi futbolçulardan kiminləsə maraqlanırsınız?

- Bəli. Amma onların sahibləri var. 

Müdafiədə və hücumda sanki hər şey qaydasındadır. Yayda transfer vaxtı ən vacib mövqe hansı olacaq?

- Ümumi baxırıq. Hər xətdə bir neçə oyunçuya ehtiyacımız var. Çalışacağıq ki, sayı və keyfiyyəti artıraq. Builki çempionat düşündüyümdən daha keyfiyyətli və gərgin oldu. Hər bir halda hər xətdə yeniliklərə ehtiyacımız var. Futbolda düşünmədiyin hallar olur. Matçın gedişatında çox dəyişiklik edə bilmədik. 

Kuboku "Sabah"ın qazanmasını istəyərdiniz, yoxsa "Zirə"nin?

- Hər iki komandaya uğurlar arzulayıram. 

Bu mövsüm Çempionlar Liqasındakı performansınızı nəzərə alsaq, Konfrans Liqasında daha çox yol qət edə bilərsiniz?

- Konfrans Liqasında oynamağımızı arzulayırsız? (gülür) Çox istəyərdik ki, daha yuxarı liqada olaq. Böyümək üçün, böyük futbolu tam hiss etmək böyük turnirlər daha maraqlıdır. Bizi daha məsuliyyətli edir. Azarkeşlərin istəyi daha yüksək turnirlər olur. Orada tanınmış komandalar var. Məsələn, Avropa Liqası. Orada Çempionlar Liqası komandaları var. Bizim kimi hamı da belə düşünür. Bir şeyi qeyd edək ki, biz əvvəlki Avropa Liqasında cəmi 1 qələbə qazanmışdıq. Amma Çempionlar Liqasında 10 xalımız var idi. Bizdən asılı olan məsələ deyil. Avropa Liqasında oynayanda çox yaxşı komandamız var idi. Həmin il oyun baxımından, heyət baxımından Çempionlar Liqasının əsas mərhəsinə düşməyə layiq idik. Təkcə "Dinamo"ya uduzduq. Zaqrebdə nə qədər epizodumuz var idi. 0:3 ağlagələn nəticə deyildi. Orada nokauta düşmüşdük. Bakıda isə stress çox idi. O oyuna qədər bütün matçlarda yüksək səviyyədə oynamışdıq. Məşqçi olaraq rahat idim ki, biz ÇL-in əsas mərhələsinə düşəcəyik. Çox yaxşı hazırlıq keçmişdik. Amma zəmanət yox idi ki, Konfrans Liqasında və ya Avropa Liqasında şansımız çoxdur. Hər şey ola bilər. Tam əksi də baş verə bilər. O cür heyətlə cəmi Avropa Liqasında bir oyunda qalib gəldik. Heç nəyə zəmanət yoxdur. Ölkədən çıxdıqsa, fərqli stres, fərqli futbol, fərqli yanaşmadır. Orada buradakı səhvləri bağışlamırlar. Hər bir komandanın böyük potensialı, qarşısına qoyulan məqsədi var. Xeyirlisi hansıdırsa, o da olsun. Biz də istəmişik ki, hər zaman istənilən turnirdə uğurlu çıxış edək.