"Turan Tovuz" azarkeşlərə hörmətsizlik edən futbolçunu cəzalandırdı

"Turan Tovuz" Premyer Liqanın XXIX turunda keçirilən “Səbail”lə oyundan sonra yaşanan xoşəgəlməz hadisə ilə bağlı açıqlama yayıb.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi baş verənlərə görə təəssüf hissi keçirdiyini bildirib:
"Məsafədən asılı olmayaraq hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdir.
Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir.
Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya yolverilməzdir.
Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb.
Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq.
Biz bir ailəyik. Gücümüz birliyimizdir!"
Qeyd edək ki, komandanın futbolçusu Veysəl Rzayev matçdan sonra tribunaya çıxaraq hörmətsizlik edib.