"Ganja Cup 2026" yarışı keçirildi
Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə "Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib.
Gənclər və İdman Nazirliyindən "Mediasport"a verilən məlumata görə, Gəncə İdman Sarayında baş tutan turnirdə minimum 150 WA reytinq xalına malik 150-yə yaxın idmançı iştirak edib.
İştirakçılar arasında paralimpiya, deflimpiya və xüsusi olimpiya nümayəndələri də yer alıblar.
Qaliblərin mükafatlandırılma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ASF-nin prezidenti Zaur Əliyev və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, ikinci dəfə keçirilən "Ganja Cup" yarışında bu il ilk dəfə Belarus və Gürcüstan komandaları da iştirak edib.


