"Qarabağ"ın rəhbərliyindən və baş məşqçisindən öyrənin" - Tanınmış məşqçidən türk klublarına MESAJ

Türkiyəli məşqçi Naci Şensoy "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə "Ferensvaroş"u məğlub etməsi (3:1) ilə bağlı maraqlı fikirləri ilə diqqət çəkib.
"Mediasport" xəbər verir ki, "Turan Tovuz"un keçmiş baş məşqçisi Macarıstanda geridönüşlə qələbə qazanan "köhlən atlar"ın qalibiyyəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
67 yaşlı mütəxəssis Azərbaycan çempionunu Türkiyə klublarına nümunə göstərib:
"Fənərbağça"nın, "Beşiktaş"ın prezidentləri və ümumiyyətlə, Türkiyədəki klublar, gedin, "Qarabağ"ın rəhbərliyindən və baş məşqçisindən 20 milyon avro büdcə ilə Çempionlar Liqasına necə vəsiqə qazanmağın mümkün olduğunu öyrənin. Pul çox şeydir, amma hər şey demək deyil".
Xatırladaq ki, "Qarabağ" və "Ferensvaroş" arasında keçiriləcək cavab matçı avqustun 27-də Bakıda baş tutacaq.
Bu cütdə məğlub olan tərəf yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək.