Azarkeşlərin diqqətinə - "Turan Tovuz" mövsümə yeniliklə başlayır
"Turan Tovuz" qarşıdakı mövsümə yeniliklə başlayır.
"Mediasport" xəbər verir ki, qərb təmsilçisi yeni mövsümdən Tovuz stadionunda elektron bilet sistemi tətbiq edəcək.
Bu yenilik arenanın UEFA standartlarının tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır.
Birbilet.az ilə əməkdaşlıq çərçivəsində azarkeşlər artıq kassaya gəlmədən biletləri onlayn şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, mövsümlük biletlər də satışda olacaq.
Şəhid ailələri və qazilər onlar üçün ayrılmış sektora dəvətnamələri stadionun kassasından ödənişsiz əldə edəcəklər.
Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.
Mövsümün ilk oyunu üçün biletlər sabah saat 11:00-dan satışa çıxarılacaq.


