UFC-nin iki məşhur siması Bakıya ulduz qonaq qismində gələcək

İyunun 21-də "Crystal Hall"da keçiriləcək məşhur UFC yarışının Bakı turnirinin ulduz qonaqları müəyyənləşib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Mediasport"a verilən məlumata görə, bunlar Mütləq Döyüş Çempionatının super yüngül çəki dərəcəsində çempionu, gürcü idmançı Merab Dvalişvili və keçmiş yarımorta çəki çempionu, amerikalı Belal Muhammad olacaqlar.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.
Həmin gecənin ikinci ən vacib döyüşü isə azərbaycanlı Rafael Fiziev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.
Turnirdə Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də gücünü sınayacaq. Onlar müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.