Azərbaycanın sərbəst güləşçisi dünya çempionatında finala çıxdı

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatında finala çıxdı

Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 6-cı yarış günündə Azərbaycanın dörd sərbəst güləşçisi mübarizəyə qoşulub.

Təmsilçilərimizdən Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Arseniy Cioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxıblar.

Uğurla yarışan Arseniy Cioyev finala vəsiqə qazanıb. O, yarımfinalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə 9:1 hesabı ilə qalib gəlib.

Cioyev sabah həlledici dueldə amerikalı Kayl Deyklə qarşılaşacaq.

Giorgi Meşvildilşvili yarımfinalda rusiyalı Abdulla Kurbanova məğlub (0:5) olduğu üçün sabah bürünc mükafat uğrunda güləşəcək.

Kənan Heybətov 1/4 finalda, Nurəddin Novruzov isə 1/8 finalda uduzub.

DÇ noyabrın 1-də yekunlaşacaq.

Komandamızın aktivində hələlik 3 medal var: yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub, Nihat Məmmədli (63 kq) gümüş mükafat əldə edib.