UFC turnirinin məşhur ulduzları iyunda Bakıda şərhçilik edəcəklər

UFC turnirinin məşhur ulduzları iyunda Bakıda şərhçilik edəcəklər

UFC-nin məşhur ulduzları Bakıya gələcək.

"Mediasport" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidməti məlumat yayıb.

UFC-nin Şöhrət zalının üzvü və orta çəkidə keçmiş çempionu Maykl Bispinq təşkilatın Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.

Maykl Bispinq, Brendon Fitzcerald və Pol Felder iyunun 21-də "Baku Crystal Hall"da baş tutacaq UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.

Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brüs Baffer yarışın oktaqon aparıcısı olacaq.

Gecənin əsas qarşılaşması UFC-nin yarım ağır çəkidə keçmiş çempionu Camal Hill ilə titulun keçmiş iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.

Maraqla gözlənilən döyüşlərdən biri isə Azərbaycan təmsilçisi Rafael Fizievlə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Qeyd edək ki, döyüş yarışı UFC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə  həyata keçəcək.