"Xalqın pulları ilə nə vaxta qədər dədə malı kimi davranacaqsınız?!"

Ehtiyac içində yaşayan xalqın pulları ilə nə vaxta qədər dədə malı kimi davranacaqsınız?!
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın baş katibi Cahangir Fərəcullayev bildirib ki, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.
Son on ildə dəfələrlə bu tip bəyanatların şahidi olmuşuq və bu günə qədər kiminsə səhv seçim etdiyinə görə cəzalandırıldığının şahidi olmamışıq. Özü də hər dəfə təyinat olmamışdan əvvəl bu təyinatların uğursuz olacağı barədə mətbuatda yüzlərlə yazı yayılıb.
Elə Fernandu Santuş xəbəri çıxan kimi şəxsən özüm onlarla yazı oxudum ki, bu adam Portuqaliya yığmasından kənarlaşdırılandan sonra heç bir yerdə uğur qazanmayıb və hər yerdən də qalmaqalla qovulub. Bu məlumatlar ola-ola 70 yaşlı bir adamın milli komandaya baş məşqçi təyin edilməsinin təşəbbüskarı və təyinatçısı kim olub?!
Ona qədər olan uğursuz təyinatla bağlı bir nəfər də məsuliyyət daşımayıb. Bu dəfə də tədbir görülməsə, deməli, ən azından ölkənin bu sahəsində dərəbəylikdir və bu sahəyə cavabdeh olanlar ancaq xalqın pulunu talamaqla məşğuldurlar.
Qeyd edim ki, müqaviləyə vaxtından əvvəl xitam verilməsi heç də bu günə qədər itirilmiş pullar deyil, həm də vaxtından əvvəl müqavilənin pozulmasına görə ödəniləcək cərimələrdir.
Ona görə də AFFA bu günə qədər nə qədər ödənilməsi və müqaviləyə vaxtından əvvəl xitam verildiyinə görə nə qədər təzminat ödənildiyi barədə hesabat verməlidir. Bir daha təkrar edirəm ki, həmin pullar xalqa məxsus olan pullardır.
P.S. Rövnəq Abdullayev getdi, indi problem nədir? Bəlkə problem fərdlərdə deyil, sistemdədir?!
Aslan İsmayılov, tanınmış hüquqşünas, vəkil