"Qarabağ"a külli miqdarda cərimə kəsildi, Yankoviçə ağır cəza verildi

"Qarabağ"a külli miqdarda cərimə kəsildi, Yankoviçə ağır cəza verildi

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində aprelin 22-də keçirilmiş "Sabah" - "Qarabağ" matçında yaşanan hadisələrə dair hüquqi cəzaları açıqlayıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubunun futbolçusu Marko Yankoviçə ağır cəza kəsib.

Həmçinin "Qarabağ" külli miqdarda cərimə olunub.

Qarşılaşma bitdikdən sonra "köhlən atlar"ın futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alıb. Monteneqrolu yarımmüdafiəçi dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hədə-qorxu gəldiyinə görə 8 oyuna buraxılmayacaq.

Komandası buna görə 25500 manat ödəyəcək.

Ağdam klubunun qapıçısı Mateuş Koxalski birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, klub isə 1000 manat cərimələnib.

Həmin görüşdə "Qarabağ" azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb.

Fanatların pirotexniki vasitədən istifadəsinə görə isə 7000 manat ödəniləcək.

Həmin tərəfdarlar kütləvi şəkildə təhqiramiz ifadələr də səsləndiriblər. Bu səbəbdən klub 8000 manatından keçəcək.

Görüşün keçirildiyi stadiona zərər vurulub və dağıntı törədilib. Ağdam təmsilçisi buna görə 5000 manat cərimə olunub və 70 ədəd oturacağa dəymiş ziyanı qarşılayacaq.

"Köhlən atlar"ın məşqçisi Hüseyn Seyidov hakimə fikizi təzyiq göstərməyə çalışıb və onu təhqir edib. H.Seyidov 6 matçlıq cəzalanıb, klub 18000 manat cərimə olunub.

"Qarabağ"ın əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq görməyə cəhd edib. O, 5 oyunluq cəzaya məruz qalıb, klub isə 8000 manat ziyana düşüb.

"Sabah" isə beş nəfər oyunçusu sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin meydana kənar aşyalar atması ucbatından 2000 manat, meydana kənar şəxs daxil olmasına görə 6500 manat, fanatların pirotexniki vasitədən istifadəsinə görə 3000 manat ödəməli olacaq.