7 ölkə Azərbaycandakı MDB Oyunlarında iştirakını təsdiqlədi

Yeddi ölkə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Mediasport" verilən məlumata görə, hazırda yarışda iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatının davam etdiyi bildirilib.
Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan) 23 idman növü üzrə ümumilikdə 1659 idmançı qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş nümayəndələrin ümumi sayı isə 2385 nəfərdir.
Komanda idman növləri üzrə – futbol (U-16), basketbol 3x3 və voleybol yarışlarında 6 ölkə iştirakını təsdiqləyib. Güləş, boks, cüdo və taekvondo kimi fərdi növlərdə isə 100-dən çox idmançı qeydiyyatdan keçib.
Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, yarışda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə Oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.