İntizam Komitəsi hakimi söyən baş məşqçiyə 4 oyunluq cəza verdi
AFFA İntizam Komitəsi aşağı yaş liqalarında baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, U-16 Liqasında mayın 10-da keçirilən “Dinamo” (Bakı) – “Şəfa” oyununda hər iki komandanın futbolçusu cəzalandırılıb.
“Dinamo”nun 12 nömrəli futbolçusu Abidin Şahsuvarlı qarşılaşmanın 30-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, növbəti 3 oyuna buraxılmayacaq.
Eyni matçda “Şəfa”nın 11 nömrəli futbolçusu Əli Kərimov da rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. Futbolçu 3 oyunluq diskvalifikasiya edilib.
U-15 Liqasında isə “Neftçi” İK İB – “Xocalı” görüşündə “Xocalı”nın baş məşqçisi İlkin Hacıyev hakimi təhqir etdiyinə görə cəzalanıb.
33-cü dəqiqədə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılan mütəxəssis növbəti 4 oyunu buraxacaq.
Bundan başqa, U-15 Liqasında “Araz-Naxçıvan” – “Zirə” matçından sonra meydan sahiblərinin 14 nömrəli futbolçusu Nihad Rəhimli hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb.
O, növbəti 4 oyuna buraxılmayacaq.
