AFFA-nın kassası yenə dolacaq

AFFA-nın kassası yenə dolacaq

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 30-cu turunda qeydə alınmış neqativ hadisələrə səbəb olan futbolçular və klublar barəsində hüquqi qərarlar çıxarılıb.

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.

Qonaqların heyətində 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimə edilib.

Bu görüşün 19-cu dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edən “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Klub 4000 manat cərimələnib. Mütəxəssisə sınaq müddəti 3 ay təyin edilib.

Tovuz təmsilçisinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat ziyana düşüb. Fanatlar tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Turan Tovuz” 1000 manat ödəyəcək.

Qarşılaşmanın 45+2-ci dəqiqəsində qonaqların futbolçusu Pavol Safranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub 500 manat cərimə edilib.

“Sumqayıt” – “Şamaxı” matçında qonaqların fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə meydan sahibləri 500 manat cərimələnib.

“Kəpəz” – “Araz-Naxçıvan” görüşündə meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə klub 500 manat xərcə düşüb.

“Neftçi” – “Zirə” oyununda 4 sarı vərəqə alan meydan sahibləri 700 manat ödəyəcək.

“Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə klub 2000 manat cərimələnib.