"Belə durumda meydana çıxmaq, motivasiya ilə futbol oynamaq çox çətindir" - Rəşad Sadıqov

"Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Nəticə necə olsaydı da, bu fikirdə qalacaqdım. Dünən gəldilər, oyunun başlanmasına bir neçə dəqiqə qalmış matç təxirə düşdü. Bu gün stadiona gəldilər, oyun başqa saata təxirə salındı. Belə olan durumda meydana çıxmaq, motivasiya ilə futbol oynamaq çox çətindir. Amma hər iki komandanın futbolçuları əzmkar mübarizə apardılar".
"Mediasport" xəbər verir ki, bu fikirləri Azərbaycan Premyer Liqasının 24-cü turunun "Kəpəz"lə ev oyunundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səsləndirib.
Mütəxəssis 2:0 hesablı qələbə haqda danışıb, vacib qələbə qazandıqlarını qeyd edib:
"Bu gün qazandığımız qələbə bizim üçün çox vacib və önəmli idi. Qələbəni tək meydanda olan oyunçular yox, "Zirə" ailəsi olaraq qazandıq. Səhər saatlarından azarkeşlərimiz, stadionun işçiləri, İdarə heyəti, hamı meydançanın oyuna hazır olması yönündə əziyyət çəkirdi, işləyirdi. Şükürlər olsun ki, sonda qələbə qazandıq. Onun bəhrəsini gördük.
Oyuna gəldikdə, futbolçularıma bir daha göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Rəqib son 5 turun birində uduzmuşdu. İddialı komandalarla yaxşı nəticə əldə etmişdilər. Baxımlı, yaxşı oynayıb qalib gəldik.
Üç gündən sonra "Araz-Naxçıvan"a qarşı kubokun cavab görüşü var. Ondan sonra isə " Turan Tovuz"la səfər matçına çıxacağıq. Olduqca çox vacib oyunlara çıxacağıq. Daha sonra "Səbail"lə evdə qarşılaşacağıq. İstirahət etməyə, qələbələri qeyd etməyə çox da vaxtımız yoxdur.
Bu dəqiqə ən vacib olan qələbə qazanıb növbəti matça hazırlaşmaqdır. Bu cür qar yağdıqdan sonra meydançanın bu vəziyyətdə olması klubun, stadionun işçilərinin əməyidir ki, daim stadionumuza yaxşı baxırlar. O cür yüklənmədən sonra yenə də yaxşı futbol oynamağa şərait var idi. Amma bilirik ki, dünən və bu gün meydançamız çox zədələndi. Görək üç gündən sonra vəziyyət nə yerdə olacaq".
Filipe Paxtmanla yollarınızı ayırdınız. Bu haqda nə deyə bilərsiniz?
- Ona yetərincə şans verdik, yanında olduq. Çox istədiyim insanlardan və futbolçulardan biridir. Sonda hər iki tərəf qərar qəbul etdi ki, yollarımızı ayıraq. Ona gələcək karyerasında uğurlar arzulayıram.
Legioner limitinin ləğvi ilə əlaqəsi var idi? Çünki rüsumlar qalxıb...
- Xeyr. Heç bir aidiyyəti yox idi. Sağlam olsaydı, bizimlə olacaqdı. Zədəsi sağalmamışdı, yenə də uzun müddət bərpa olunmalı idi. Düşündük ki, belə həm özü, həm də komamda üçün faydalı olar.