Aydın Süleymanlı Avropa çempionatında liderliyə yüksəldi
Azərbaycan şahmatçısı Aydın Süleymanlı Polşanın Katovitse şəhərində keçirilən fərdi Avropa çempionatında liderliyə yüksəlib.
"Mediasport" xəbər verir ki, 1-ci pilləyə 7-ci tur oyunlarından sonra qalxıb.
Qrossmeyster Belçika təmsilçisi Daniel Daroha üzərində qələbə qazanıb.
Hazırda aktivində altı xal olan Aydın Süleymanlı 1-4-cü yerləri bölüşür. Amma şahmatçı əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb.
Bu gün oynanılacaq 8-ci turda Aydın Süleymanlı Gürcüstan şahmatçısı Nikolaz Kaçarava ilə mübarizə aparacaq.
Avropa çempionatında çıxış edən digər təmsilçimiz Nicat Abasov hesabat turunda isveçli Erik Blomkvisti məğlub edib. 7 turdan sonra Nicat Abasov 5,5 xalla 10-cu pillədədir.
Digər şahmatçılarımız Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı hərəyə 5 xal toplayaraq müvafiq olaraq 38-ci, 50-ci, 53-cü və 56-cı yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, qitə çempionatında yüksək nəticə göstərəcək şahmatçılar gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaq.
Avropa çempionatı 11 turdan ibarətdir.
